Mosulda İŞİD-in böyük kimyəvi silah anbarı kəşf edildi
İraqın könüllü xalq qüvvələri "Həşdüşşəbi" şənbə günü Mosulun şərqində İŞİD-ə məxsus böyük bir kimyəvi silah anbarı aşkar edib. Bu anbarda təqribən 100 ton zəhərli kimyəvi maddənin olduğu bildirilir.
İRNA-nın məlumatına görə, Həşdüşşəbi şənbə günü bildirib: Neynəva vilayətində həyata keçirilən kəşfiyyat və araşdırmalar zamanı Həşdüşşəbi qüvvələri İŞİD terrorçularına məxsus olan və kimyəvi silahların hazırlanmasında istifadə edilən zəhərli kimyəvi maddələrin saxlanıldığı anbarın məkanını dəqiqləşdirməyə nail olub.
İŞİD terror qruplaşması ötən illər ərzində dəfələrlə İraq və Suriyada sivil əhali və müqavimət qüvvələrinə qarşı kimyəvi silahlardan istifadə edib. Amma, indiyə kimi beynəlxalq dairələr tərəfindən İŞİD-in bu cinayətlərinə lazımi qiymət verilməyib.
İraqın təhlükəsizlik mənbələri bildirir ki, İŞİD-in Mosulda ardıcıl məğlubiyyətlərə düçar olmasının ardınca terrorçuların kimyəvi silahlardan istifadə ehtimalı da yüksəlir.
İraqın təhlükəsizlik mənbələrinin hesablamalarına görə, İŞİD Ərəbistan və Qətərdən aldığı pullar hesabına Ukraynadan iri həcmdə kimyəvi maddələr satın alıb.