İŞİD Mosulu kimyəvi silah ilə vurdu
İŞİD terrorçuları İraqın Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin qərb hissəsini zəhərli kimyəvi maddələrə malik güllələr ilə hədəfə alıblar. Bu hücum hadisəsində 6 nəfər həlak olub.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, İŞİD Mosulun qərbində yerləşən Surə məhəlləsini 6 ədəd zəhərli qaz mərmisi ilə hədəfə alıb. 6 nəfərin öldüyü bu hadisədə 12 nəfər də yaralanıb.
Bəzi Ərəb mediaları isə Surə məntəqəsinə edilmiş bu hücumda 10 nəfərin öldüyünü bildiriblər. Hələ ki, İraqın rəsmi informasiya qaynaqları İŞİD-in kimyəvi silahdan istifadə edərək, həyata keçirdiyi bu hücumla bağlı məlumat yaymayıblar.
İŞİD Mosulun azad edilməsi əməliyyatının başlanmasından bəri 6-cı dəfədir ki, bu şəhərdə kimyəvi silahdan istifadə edir.
Aprelin 18-də də İŞİD Mosulda xarici hərbi məsləhətçilərin qərargahını kimyəvi silah ilə hədəfə almışdı. Nəticədə 25 nəfər xəsarət almışdı.
İŞİD terror qruplaşması Suriya və İraqda kimyəvi maddələrlə dolu anbarlara malikdir və onlardan kimyəvi silahların düzəldilməsində istifadə edir.