İŞİD Mosulun tarixi məscidini 60 iraqlı ailə ilə birlikdə partlatdı
İŞİD terror qruplaşması Mosulda törətdiyi ən son cinayətdə Ən-Nuri məscidini və onun 800 illik keçmişə malik olan Əl-Hüdəba minarəsini partladaraq, dağıdıb.
Əl-Aləm kanalının verdiyi məlumata görə, bu partlayış iraqlı qüvvələrin Ən-Nuri məscidinin 50 metrliyinə qədər yaxınlaşdıqları zaman baş verib.
Mosuldan daxil olan məlumatlara görə, İŞİD Ən-Nuri məscidini partlatmazdan öncə terrorçuların nəzarəti altında olan əraziləri tərk etməyə çalışan 60 iraqlı ailəni məscidin daxilində həbs ediblər. Partlayış zamanı bu 60 ailənin bütün üzvlərinin həlak olduğu bildirilir.
İraqlı qüvvələrin Mosulda İŞİD-in son mövqelərinə yaxınlaşması ilə terrorçular xəstəxanalar, məscidlər və digər infrastrukturları partlatmağa başlayıblar.
Əl-Hüdəba minarəsi Mosulun simvollarından biri sayılırdı.
İraqın baş naziri Heydər İbadi cümə axşamı səhər saatlarında, İŞİD-in bu qorxunc cinayətinin ardınca deyib: İŞİD-in Ən-Nuri məscidini və Əl-Hüdəba minarəsini partlatması bu terror qruplaşmasının məğlubiyyətinin rəsmən elan edilməsi idi.
İraq Parlamentinin sədri də deyib: Ən-Nuri məscidinin partladılması terrorçuların xəstə düşüncəli olmasına dəlalət edən faktdır.
Səlim Cəburi əlavə edib: İŞİD terrorçularının cinayətləri bütün limitləri aşıb və təsəvvür edilməyəcək həddədir.
İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadi 2014-cü ilin iyun ayında öz xilafətini Ən-Nuri məscidində elan etmişdi.