Əl-Cəzirə informasiya kanalı Qüds ofisinin bağlanmasına reaksiya verdi
-
Əl-Cəzirə informasiya kanalı
Qətərin Əl-Cəzirə informasiya kanalı İsrail rejiminin bu kanalın Qüdsdəki ofisini bağlamasına reaksiya olaraq, bu məsələni qanuni və hüquqi yollarla araşdıracağını bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Cəzirə kanalı İsrail rejiminin rabitə naziri Əyub Qaranın Ərəbistan, Misir, BƏƏ və Bəhreynin Qətərə qarşı qərarları ilə ahəngdar qaydada qərar qəbul etməsindən təəccübləndiyini bildirib.
Əl-Cəzirə kanalı İsrail rejiminin bu qərarını bu rejimin baş naziri Benyamin Netanyahunun ötən həftə Əl-Cəzirə kanalına qarşı səsləndirdiyi fikirlərin davamı adlandırıb. Benyamin Netanyahu Əl-Cəzirə kanalını Əl-Əqsa məscidi ətrafına yaşanan böhran zamanı insanları zorakılığa təhrik etməkdə ittiham etmişdi.
Əl-Cəzirə kanalı sionist qəsəbə sakinlərinin bu kanalın ofisinə hücum etmək üzrə son cəhdlərinə işarə edərək, bu xüsusda hüquqi və qanuni müstəvidə addımlar atacağını bildirib.
Əl-Cəzirə həmçinin,işğal edilmiş Fələstin ərazilərində baş verən olayları intensiv formada işıqlandıracağını və peşəkar fəaliyyətini dayandırmayacağını qeyd edib.
Əl-Cəzirə kanalının bağlanması Qətər ilə diplomatik əlaqələrini kəsən 4 ərəb ölkəsinin təyin etdikləri şərtlərdən biridir. Bu ölkələr Qətəri Əl-Cəzirə kanalından digər ərəb ölkələrinə qarşı bir vasitə olaraq istifadə etməkdə ittiham edirlər.
İsrail rejimi isə Qətər və Əl-Cəzirə kanalını Həmas və Fələstin müqavimətini himayədə ittiham edir. Buna görə də Dohaya qarşı 4 ərəb ölkəsinin təzyiqlərini dəstəkləyir.