İnsan Haqları Gözətçisi: Ərəbistan Yəməndə insan haqlarını pozur
İnsan Haqları Gözətçisi Təşkilatı cümə axşamı günü bir hesabatda Səudiyyə Ərəbistanını Yəməndə insan haqlarını pozmaqda suçlayıb.
Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi indiyə qədər on minlərlə nəfərin ölməsi və yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
İRİB-in məlumatına görə, İnsan Haqları Gözətçisi Təşkilatı bu hesabatda həmçinin bildirib: Səudiyyə rejimi Ərəbistanda islahatların aparılmasını dinc şəkildə tələb edən siyasi fəalları azadlıqdan məhrum edir.
İnsan Haqları Gözətçisi Təşkilatının Yaxın Şərq Departamentinin direktoru Sara Liya Vitson da cümə axşamı günü bildirib: Yəməndə faciəvi durumun davam etməsi, həmçinin səudiyyə rejiminin siyasi müxalifləri və fəalların yalançı ittihamlarla həbsə atılması vəliəhd Məhəmməd Bin Salmanın imicini həddindən artıq korlayıb.