İraqda yeni parlament işə başladı; Güclü bir dövlətin qurulmasına təkid edildi
-
İraqda yeni parlament işə başladı
İraq prezidenti, baş naziri və sabiq parlament sədri yeni parlamentin ilk iclasında güclü, mötədil və xalqa xidmət edəcək bir hökumətini qurulmasına təkid ediblər.
İRNA-nın məlumatına görə, İraqın prezidenti Fuad Məsum öz çıxışında deyib: Ümidvaram yeni parlament güclü bir hökumət seçərək, ölkədə sülh, sabitlik və sakitliyin bərqərar edilməsinə kömək etsin. Və İraqın yeni hökuməti yeni iş yerləri yaratmaqla əhalinin gəlirlərinin artırılmasına kömək etsin.
İraqın baş naziri Heydər Əl-İbadi də yeni parlamentin açılış mərasimində çıxış edərək, deyib: Yeni hökumət quruculuq, yeni iş yerlərinin yaradılması, iqtisadiyyatda islahatların aparılması məsələlərinə xüsusi diqqət göstərməlidir.
Heydər Əl-İbadi təhlükəsizlik sahəsində əldə olunmuş uğurların qorunması və ölkədə sabitliyin möhkəmləndirilməsini yeni hökumətin əsas vəzifələrindən adlandırıb.
İraq parlamentinin keçmiş sədri Səlim Cəburi də öz çıxışında birlik və siyasi nailiyyətlərin qorunmasına təkid edərək, İraqın xarici əlaqələrin möhkəmləndirilməsinə ehtiyaclı olduğunu deyib.
Səlim Cəburi daha sonra deyib: Ümidvaram seçkilərdə qələbə çalmış koalisiyalar yeni hökumətin təşkil edilməsində bütün tərəflərin maraqlarını nəzərə alsınlar.
İraqın yeni parlamentinin açılış mərasimində Məhəmməd Əli Zeyni parlamentin yeni sədri seçilib. Həmçinin, parlamentin bu günkü iclasında çoxluqda olan fraksiya elan edilməli və yeni hökumətin təşkilinə şərait yaradılmalıdır.