Noy 30, 2020 12:28 Asia/Baku
  • İŞİD İraqın neft emalı zavodunu raketlə vurub

İŞİD terror qruplaşması dünən (29 noyabr) gecə İraqın şimalındakı Əl-Siniya neft emalı zavoduna qarşı edilən raket hücumunun məsuliyyətini öz üzərinə götürüb.

SəhərAzəri  Farsnews xəbər agentliyinə istinadən xəbər verir, dünən (29 noyabr) gecə məlumatlı təhlükəsizlik mənbəyi Səlahəddin əyalətindəki Əl-Siniya neft emalı zavodunda yanğın olduğunu, raketin zavodun neft tankerlərindən birinə düşdüyünü söyləyib.
Xəbərin yayılmasından bir neçə saat sonra İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
İraq xilasetmə qrupları yanğının qarşısını almağa müvəffəq olublar və yanğınsöndürmə prosesi başa çatdıqdan sonra bu gün neft emalı zavodunun fəaliyyətini bərpa etməsi planlaşdırılır.
Xatırladaq ki, yüksək rütbəli İraq təhlükəsizlik mənbələri keçən həftə İŞİD terrorçularının İraqın beş vilayətində terror əməliyyatları planlaşdırdıqlarını və çoxlu sayda intiharçı-terrorçunun Kərkük vilayətinin cənub-qərbindəki Əl-Havicə bölgəsinə daxil olduqlarını bildirmişdi.
İŞİD komandirləri Ənbar vilayətinin Əl-Sərsər bölgəsində mühüm toplantı keçirərək, təhlükəsizlik qüvvələrinə və Əl-Haşduş-Şəbi və Ənbar, Neynəva, Nəcəf, Diyala və Kərkük vilayətlərindəki köçərilərə hücum etməyi planlaşdırıblar.
İŞİD komandirləri, üzvlərinə təhlükəsizlik qüvvələri ilə qarşılaşmadan əməliyyatlarını gizli və bir gecədə aparmağı tapşırıb. Terrorçuların yeni və inkişaf etmiş snayper tüfəngləri də var. İki ildən artıqdır ki, İŞİD terrorçuları artıq İraq qüvvələri ilə birbaşa təmasda olmur və bir gecədə əməliyyatlar aparırlar.

Teqlər