Moskvada azərbaycanlılarla ermənilər arasındakı kütləvi davaya görə 25 nəfər həbs edilib
Ermənilərin ABŞ-da, Belçikada azərbaycanlılara xəsarət yetirməsindən sonra münaqişə Rusiyaya sıçrayıb. Rusiyanın bir neçə yerində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.
SəhərAzəri Bizimyol.info-ya xəbər verir ki, Moskvada dava iştirakçılarından 25-i həbs edilib. Rusiya Daxili İşlər Nazirliyindən Vladimir Vasenin ölkə mətbuatına bu barədə məlumat verib. Onun sözlərinə görə, Rusiya Cinayət Məcəlləsinin 213-cü və 162-ci maddələri ilə (xuliqanlıq və quldurluq) cinayət işi açılıb. Amma nazirliyin nümayəndəsi həbs olunanların say üzrə hansı xalqdan olmasını dəqiq söyləməyib.
Polis Rusiya qvardiyasının döyüşçüləri ilə bilikdə əməliyyat keçirərək dava iştirakçılarını həbs edib. Vasenin həbslərin davam edəcəyini gizlətməyib. Onun sözlərinə görə, davada iştirak edənlərdən cinayət məsuliyyətindən qaça bilənlər belə, istənilən halda ölkədən 5 illik deportasiya olunacaq.
Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də gecə saatlarında paytaxtın Maryino rayonunda azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. Bir nəfərin bədən xəsarəti aldığı, bir avtomobilin sıradan çıxdığı bildirilir. Açıqlamada kafeyə hücum zamanı 50 min rublun oğurlanmasından danışılır. Böyük ehtimalla, söhbət ermənilərin azərbaycanlıların kafesinə hücumundan gedir.