Sülhməramlı qüvvələrin parad keçirmək hüququ varmı?
Rusiyalı sülhməramlılar Azərbaycan cəmiyyətinin səbr kasasını daşıran hərəkətə hazırlaşırlar. Xankəndidə 9 May paradı keçiriləcək.
SəhərAzəri xəbər verir ki, Bakıdakı politoloqların dediyinə görə, sülhməramlı qüvvələrin Azərbaycan şəhərində parad təşkil etmək niyyəti əsəbləri tarıma çəkmək deməkdir. Politoloqlar bildirirlər ki, onların Dağlıq Qarabağ ərazisində evlər tikməsi, modul tipli məntəqələrin sayını artırması, Rusiya müdafiə nazirinin müavininin Bakı ilə razılaşdırmadan Xankəndinə səfər etməsi, indi də parad hazırlığı Azərbaycana qarşı hörmətsizikdir.
O baxımdan ekspertlər sülhməramlıların mandatının müəyyən edilməsinin vacibliyini vurğulayırlar. Əks halda, Qarabağdakı Rusiya sülhməramlıları 9 May qələbə paradını da keçirəcək, onların komandanı general Rüstəm Muradov Qarabağda erməni milyonçularla da görüşlərini davam etdirəcək, separatçı rejimin başçısı Araik Arutyunyanla da öpüşüb-qucaqlaşacaq.
Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat” qəzeti ilə müsahibədə bildirib ki, Rusiyanın Azərbaycan ərazisində parad keçirmək ixtiyarı yoxdur. “Beynəlxalq hüquqa görə, başqa dövlətin ərazisində tədbir keçirilirsə, əvvəlcədən razılaşdırılmalıdır. Bu, Rusiyanın növbəti təxribatıdır.
Deputat Elman Məmmədov da oxşar bəyanatla çıxış edib. O, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində hərbi parad keçirməsinin özbaşınalıq olduğunu vurğulayıb və deyib ki, paradın keçirilməsi sülhməramlı missiyasına aid olmayan bir hərəkətdir və Azərbaycan qanunlarına hörmətsizlikdir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə sözü gedən paradı normal sayaraq bu məsələyə təkid edib ki, tədbirdə hansısa “tanınmayan” qurumun “rəsmilərinin” iştirak etməsi, bizim üçün heç bir məna kəsb etməyən parçanın dalğalanması kimi mümkün hallar yolverilməzdir: “Bununla bağlı narahatlığımızı öncədən Moskvanın diqqətinə çatdırmalıyıq.”.
Qeyd edək ki, artıq Xankəndi aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub.