Zaxarova Rusiyanın Cənubi Qafqazda strategiyasını açıqladı
Məqsəd Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirməkdir
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi ölkəsinin Cənubi Qafqazla bağlı strategiyasını açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova ənənəvi həftəlik brifinq zamanı deyib ki, Rusiyanın strateji məqsədi Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, bu prosesi təşviq etməkdir.
O qeyd edib ki, bu yolda əsas vəzifələrdən biri Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, davamlı sülhün bərqərar olmasıdır.
Zaxarovanın sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında dəfələrlə danışılan və ardıcıl olaraq həyata keçirilən üçtərəfli sazişlər bu istiqamətdə səylərin əsasını təşkil edir:
"Rusiya Bakı və İrəvandan olan tərəfdaşlara bütün istiqamətlərdə, o cümlədən nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası, ictimai dialoqun qurulması və dinc dialoqun inkişafı da daxil olmaqla, hərtərəfli yardım göstərir".
XİN rəsmisi onu da bildirib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyaya məsləhətçi yardım göstərməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya postsovet məkanında delimitasiya və sərhəd mübahisələrinin həlli sahəsində unikal ekspert potensialına malikdir.