Ermənistan XİN rəhbəri rəsmi Bakını tənqid etdi
“Azərbaycanın maksimalist ritorikası sülhün təşəbbüsünü ləngidir”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavaya rəsmi səfəri çərçivəsində Polşa Senatının sədri Tomaş Qrodzki ilə görüşdə Azərbaycanı ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, görüşdə Ermənistanın XİN rəhbəri Tomaş Qrodzkini Qarabağ münaqişəsi zonasındakı hazırkı vəziyyət və münaqişənin nizamlanması və Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistan tərəfinin mövqeyi barədə məlumat verib.
Ararat Mirzoyan bildirib ki, Azərbaycanın maksimalist ritorikası regional sabitliyin və sülhün bərqərar edilməsinə yönəlmiş səyləri ləngidir.
Müharibədən sonrakı humanitar problemlərə toxunan Ermənistan XİN başçısı Azərbaycanda – onun ifadəsi ilə desək - qeyri-qanuni saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin təcili azad edilərək vətənə qaytarılmasının, habelə erməni tarixi-mədəni və dini irsinin qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.
Bildirilib ki, Qarabağ münaqişəsi danışıqlar masası ətrafında sülh yolu ilə həll edilməlidir.
Qeyd edək ki, Azərbaycan tərəfi Qarabağ münaqişəsinin artıq öz həllini tapdığını və bunun Ermənistanla müzakirə predmeti olmayacağını vurğulayır.