Ermənistanın havadarları çoxalır
Avropa İttifaqı, ATƏT və KTMT Ermənistana köməyə gəlirlər
Ermənistanın təklifi ilə Aİ və ATƏT Azərbaycanla sərhəddə müşahidə missiyaları yerləşdirir.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Aİ-nin müşahidə missiyasının 40 nəfərlik qrupu yaxın vaxtlarda bu ölkəyə gələcək.
Bununla əlaqədar ATƏT Ermənistan hökumətinin dəvəti ilə oktyabrın 21-dən 27-dək Ermənistanda ehtiyacların qiymətləndirilməsi missiyası keçirəcəyini rəsmən təsdiqləyib.
Ermənistan ən çox Rusiyadan və KTMT-dən öz ərizə və təkliflərinə cavab gözləyirdi. Erməni rəsmilər bildirirlər ki, KTMT iki dəfə Ermənistan-Azərbaycan sərhədində təmsil olunmaq fürsətini əldən verdi, əvəzində Aİ və ATƏT Ermənistanın təklif və müraciətlərinə operativ reaksiya verdi.
Ermənistanın Baş naziri deyib: "Avropa Birliyi tərəfdaşlarının çox çevik reaksiya verdiyini və qərarlar qəbul etdiyini bildirməkdən məmnunam. Bizim təcrübə sahəmizdə müşahidə missiyasının müddətini uzatmaq və ya müşahidə missiyasını daimi etməyə çalışmaq barədə fikirlər var. ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının şərtləri aydındır. Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup oktyabrın 21-27-də Ermənistan-Azərbaycan sərhədində olacaq və yerində məsləhətləşmələr aparacaq. ATƏT təhlükəsizlik məsələlərində öz mandatı və təcrübəsi çərçivəsində işləyəcək. İndiki mərhələdə onlar Ermənistan-Azərbaycan məsələləri ilə məşğul olacaqlar."
Bütün bunların fonunda artıq KTMT müvafiq nəticələrin öz əlində olduğunu və Ermənistan-Azərbaycan sərhədində təmsil olunmağın əleyhinə olmadığını bəyan edir.
Bu arada Azərbaycan Bakı ilə razılaşdırılmadan ATƏT Katibliyinin Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası göndərmək qərarına cavab olaraq ATƏT-in 2023-cü il üçün büdcəsinin müzakirəsində iştirakını dayandırıb. Bu barədə oktyabrın 21-də Azərbaycanın ATƏT-dəki nümayəndəliyi Daimi Şurada təşkilatın 2023-cü il üçün büdcəsinin müzakirəsi zamanı bildirib.
“Sülhün əldə olunması məqsədlərinə nail olmaq, regionda etimadın yaradılmasına töhfə verməkdənsə, Azərbaycanla əməkdaşlıqdan imtina etmək və birtərəfli qaydada “ehtiyacların qiymətləndirilməsi” missiyasını əvvəlcədən müəyyən edilmiş məqsədlər və nəticələrlə göndərmək əks- effekt verəcək”, - Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin bəyanatında deyilir.