İrəvanın qərbin nüfuzu üçün göstərdiyi cəhdləri durdurulur
Turan Xəbər Agentliyi Dekabrın 22-də Rusiya xarici işlər nazirinin azərbaycanlı, iranlı və türkiyəli həmkarları ilə telefon danışıqlarının məzmunu barədə material dərc edib. Yazıda bu danışıqlarda məqsədin qərbin Ermənistan tərəfindən sülh razılaşmasına cəlb olunmasına imkan verməmək olduğu bildirilir.
Turan yazır: Dekabrın 22-də Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov ilə Ceyhun Bayramov arasında telefon danışığı olub. Onlar "ikitərəfli münasibətlərə dair bəzi aktual məsələləri və Cənubi Qafqaz problemi üzrə qarşılıqlı əlaqələri müzakirə ediblər". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi nazirlərin söhbətinə dair qısa məlumat yayıb. Bildirilir ki, nazirlər "ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də regionda mövcud vəziyyəti müzakirə ediblər".
Yazıda qeyd olunur ki, eyni məsələləri elə həmin gün Bakıda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qluşko da müzakirə edib.
Dekabrın 22-də Rusiya xarici işlər nazirinin Türkiyə və İranın xarici işlər nazirlərilə telefon danışıqları zamanı da regionda vəziyyət müzakirə mövzusu olub.
Bu danışıqların məzmunu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aleksandr Qluşkonun Bakıya səfərinə dair məlumata görə fikir yürütmək olar.
"Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb".
Turan xəbər agentliyi sonra bu ifadələrdən belə qənaətə gəlir ki, Moskva Bakı və Yerevan arasında sülhün bağlanmasında Qərbin həlledici rolunun qarşısını almaq üçün region ölkələrinin dəstəyini qazanmaq istəyir.
Yazı onu da xatırladır ki, regionda vəziyyətlə bağlı danışıqlarda Ermənistanın xarici işlər nazirir iştirak etməyib. Məhz Yerevan Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasında Qərbin fəal vasitəçiliyinə tərəfdardır.