Ermənistan şərt qoydu
Azərbaycanla sülh müqaviləsi delimitasiya üçün əsas olmalıdır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh gələcəkdə qarşıdurmanın və ya təcavüzün qarşısını almaq üçün bir neçə fundamental prinsip üzərində qurulmalıdır.
İrəvanda Yunanıstanın xarici işlər naziri Giorqos Gerapetritis ilə birgə mətbuat konfransında çıxış edən Mirzoyan deyib: “Yekun sülh mütləq bir neçə fundamental prinsip üzərində qurulmalıdır. Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlıq tələb edən məsələdir və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir. Həmçinin başa düşüləndir ki, əgər sərhədlərin delimitasiyası uzunacaqsa, sülh müqaviləsində gələcəkdə delimitasiya prosesinin aparılmalı olduğu aydın əsaslar öz əksini tapmalıdır. Çünki qeyri-müəyyənlik gələcək təcavüz və ya qarşıdurmaya yol aça bilər”.
Mirzoyan əlavə edib ki, sülh təkcə müharibənin olmaması deyil. Sülh açıq sərhədlər və bir-birinin ərazisində malların və insanların hərəkətidir. Ermənistan blokadada qalmaqda davam edərkən Cənubi Qafqazda sülhün bərqərar olması barədə danışmaq çətindir.