İyul 26, 2024 11:41 Asia/Baku
  • Moskva ümid edir ki, Ermənistan Kiyevin yolu ilə getməyəcək

Moskva ümid edir ki, Ermənistan tərəfdaş axtarışında Qərb və Rusiya arasında seçim edərkən Kiyev rejiminin yolu ilə getməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Aİ-nin Ermənistana 10 milyon avro dəyərində hərbi-texniki yardımını jurnalistlərə şərh edərkən Peskov bildirib ki, Moskva Ermənistanın siyasi müdrikliyinə güvənir: “ Sadəcə tərəfdaş axtarışlarının Kiyev rejiminin bir vaxtlar seçdiyi "ya-ya da" alternativsizliyində aparılmasını istəməzdik”,- Peskov deyib.

Peskov eyni zamanda qeyd edib ki, Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet sahələrini özü seçir. O, Ermənistanın Rusiya üçün müttəfiq və qardaş ölkə olduğunu da vurğulayıb.

Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə  Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarını olduqca yanlış və təhlükəli adlandırıb və bunun regionda gərginliyin artmasına xidmət etdiyini bildirib.