Okt 26, 2024 15:52 Asia/Baku
  • Gürcüstanda parlament seçkiləri keçirilir

Bu gün səhər saat 8:00-da Gürcüstanda parlament seçkilərinə start verilib. Səsvermənin yerli vaxtla bu gün saat 20:00-dək davam edəcəyi bildirilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar ölkənin daxilində və ölkədən kənarda cəmi 3 min 111 seçki məntəqəsi açılıb.

Bu seçkilərdə 3 milyon 508 min seçici səs verə biləcək.

​Səsvermə saat 20:00-da başa çatacaq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün jurnalistlərə açıqlamasında bildirib ki,

səsvermənin nəticələri ilə bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) elan edəcəyi istənilən qərarı qəbul edəcəyik.

Onun sözlərinə görə, "Gürcü Arzusu"nun təxminən 60 faiz səs toplayacağı gözlənilir və bu müxalifətin ən ağır məğlubiyyəti olacaq.

Hökumət başçısı qeyd edib ki, müxalifət MSK-nın nəticələrini qəbul etməli və tanımalıdır.

“Mən bir daha müxalifəti MSK-nın açıqlayacağı seçkilərin nəticələri ilə barışmağa və tanımağa, 2021, 2022, 2018 və s.-də etdiklərini təkrarlamamağa çağırıram. Mən bütün partiyaları MSK-nın açıqlayacağı nəticələri tanımağa çağırıram” - İrakli Kobaxidze vurğulayıb.

Gürcüstan parlamentin sədri Şalva Papuaşvili isə Gürcüstanda keçirilən parlament seçkilərini şər və xeyir, dinsizlik və mənəviyyat arasında seçim adlandırıb.

 “Təbii ki, “Gürcü Arzusu” bu gün gürcü xalqının yeganə seçimidir, xalqımız nadir hallarda belə bir seçim qarşısında qalır”, – deyə Şalva Papuaşvili qeyd edib.

Qeyd edək ki, Gürcüstanda bu gün keçirilən parlament seçkilərinə qərb dövlətləri və qurumlarının müdaxiləsi barədə xəbərdarlıqlar edilib. Hakim partiyanın qərbin müdaxilələrini məhdudlaşdırmaq qərarı Avropa İttifaqı və ABŞ tərəfindən ciddi reaksiyalara səbəb olub.