Türkiyə polisi İŞİD-in terror hücumu ehtimalı barədə xəbərdarlıq edib
-
Türkiyə polisi İŞİD-in terror hücumu ehtimalı barədə xəbərdarlıq edib
Türkiyə polisi İŞİD terrorçularının "Pasxa" bayramı ilə bir vaxtda terror aktı törətməsi ehtimalı barədə xəbərdarlıq edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə polisi dünən İŞİD terror qruplaşmasının qarşıdan gələn həftə ərzində, "Pasxa" bayramı ilə bir vaxtda xristiyanlar və yəhudilərə qarşı terror hücumu ehtimalı barədə xəbərdarlıq edib.
Türkiyə polisi həmçinin bildirib ki, bu dini mərasimin keçiriləcəyi məkanlar, Ankarada olan konsulluqlar və səfirliklər habelə, qeyri-İslam dini qurumlar bu terror hücumlarının hədəfində ola bilər.
Bu xəbərdarlıq İstanbulda 4 xarici turistin ölümünə yol açan terror aktından bir həftə sonra verilib.
Türkiyə rəsmiləri bu terror aktının İŞİD terror qruplaşması tərəfindən törədildiyini bildiriblər.
Ötən 8 ay ərzində Türkiyədə 6 terror aktı və partlayış törədilib. Rəsmi dairələr bu partlayışların 4-nün İŞİD, 2-nin isə PKK tərəfindən törədildiyini bildirirlər.
Türkiyə üçün milyardlarla dollar gəlir gətirən turizm sektorunun zəifləməsi və xarici investisiyaların perspektivi ilə bağlı nigaranlıqlar bu ölkə iqtisadiyyatını ciddi şəkildə təhdid edir.
İŞİD terrorçuları tərəfindən törədilən partlayışdan bir neçə gün keçməsinə baxmayaraq, İstanbulun mərkəzində yerləşən İstiqlal caddəsində yürüyən insanların sayı xeyli azalıb. Və uzunluğu 2 kilometr olan İstiqlal caddəsində yerləşən otellər, restoranlar və satış mərkəzlərinin gəlirləri artıq azalmağa başlayıb.