İraq ordusu: Fəllucə azad oldu
-
İraq ordusu: Fəllucə azad oldu
İraq ordusu 26 iyun bildirib: İŞİD üzvlərini Fəllucənin son səngərlərindən qovmaqla bu şəhər tam şəkildə azad olunub.
Fəllucə Əməliyyatı Antiterrorizm Qüvvələri komandanı general Əbdülvəhhab əl-Saidi deyib ki, onun əmrində olan qüvvələr şəhərin şimal-qərbindən Cövlan məhəlləsinə daxil olub. Bu məhəllə Fəllucədə İŞİD-çilərin son səngəri olmuşdur.
General əl-Saidinin dediyinə görə, Fəllucə əməliyyatında 1800 İŞİD üzvü öldürülüb.
İraq ordusu xalq qüvvələri və İŞİD əleyhinə koalisiyanın hava dəstəyi ilə Fəllucə döyüşünə təxminən bir ay öncə başlayıb.
Şəhərin on minlərlə sivil sakini, partlayıcı pusqular və kamikadzelər İraq qüvvələrinin irəliləməsini çətinləşdirmişdi.
İraq paytaxtı Bağdadın 50 kilometrliyində yerləşən Fəllucə təxminən iki il öncə İŞİD tərəfindən işğal olunmuşdu.
Mosul şəhəri hələ də İŞİD terror qruplaşmasının işğalındadır.
İraq baş naziri Heydər əl-İbadi azad olunmuş Fəllucə şəhərində olaraq və bu şəhərin mərkəzində ölkə bayrağını dalğalandıraraq Mosul şəhərinin azad olunmasını vəd edib.