Suriyada 360 min əcnəbi terrorçu fəaliyyət göstərir
-
Suriyada 360 min əcnəbi terrorçu fəaliyyət göstərir
Almaniyada Vril araşdırma mərkəzi bildirib ki, 2011-ci ildə Suriya böhranının başlanmasından bəri bu ölkədə terrorçu qruplara qoşulmaq üçün 360 min əcnəbi bu ölkəyə daxil olub.
İordaniyanın Əl-Qəd qəzeti Almaniyanın Vril araşdırma mərkəzinə istinadla bildirir ki, həmin sayda terrorçudan 3900 nəfəri İordaniya vətəndaşıdır. Onlardan 1900 nəfəri öldürülüb 265 nəfəri isə itkin düşüb. Mərkəzin araşdırmacısı D-r Cəmil Şahin tərəfindən hazırlanmış hesabata görə 2011-2015-ci illərdə Suriya hökumətinə qarşı savaşan əcnəbi terrorçuların sayı 360 min nəfər təşkil edir. Bu statistika Suriya müharibəsində bir başa iştirak edən qadın və kişiləri əhatə edir, eləcə də həkimlər, tibb bacıları və nikah cihadı üçün fəaliyyət göstərənlər də bu statistikaya daxildir.
Araşdırmanın nəticələri göstərir ki, hal hazırda Suriyada İŞİD , Cəbhətünnüsrə kimi terrorçu qruplar sıralarında 90 min əcnəbi terrorçu fəaliyyət göstərməkdədir. Hesabatda deyilir ki, Amerika və Avropa vətəndaşlarından ibarət Suriyadakı terrorçuların sayı isə 21500 nəfər təşkil edir. Bu rəqəmdən 8500 nəfəri öz ölkələrinə qayıdıblar.
Suriyadakı əcnəbi terrorçular 93 müxtəlif ölkənin vətəndaşıdırlar. Bu statistik məlumatda Türkiyə birinci yerdə durur, bu ölkədən ordu zabitləri, istixbarat məmurları və bozqurdçular, eləcə də Suriya türkmənlərindən ibarət terrorçular Cəbhətünnüsrə terror qrupunun sıralarında fəaliyyət göstərirlər.
Bu məlumata görə Türkiyə ordusundan 350 zabit və pilot Suriya müharibəsində ölüb və Türkiyə medialarında onların ölüm səbəbi gizli saxlanılıb.
Məlumata görə Suriyada öldürülən terrorçular arasında ən yüksək göstərici Səudiyyə Ərəbistanına aiddir, belə ki, son 6 il ərzində 24 min 500 Səudiyyə Ərəbistanı vətəndaşı Suriyada öldürülüb. Suriyaya nikah cihadı üçün göndərilən qadınlar arasında isə Tunis birinci yerdədir, bəzi mənbələrə görə onların sayı 3 min nəfərdən çoxdur və indiyədək 45 nəfəri öldürülüb.
Hesabatda o da bildirilir ki, 2015-ci ilə Suriyada orta Asiya ölkələrindən ifratçı ünsürlərin fəaliyyətində xüsusi artım müşahidə olunub. Eyni zamanda bildirilir ki, müxtəlif ölkələr tərəfindən terrorçuların Suriya dövlətinə qarşı silahlandırılmasına cəmi 45 milyard dollar vəsait xərclənib.