Avq 17, 2016 14:44 Asia/Baku
  • Türkiyədə çıxan
    Türkiyədə çıxan "Özgür Gündəm" qəzetinin nəşri dayandırıldı

İstanbul məhkəməsi ötən gün bir qərar qəbul edərək, "Özgür Gündəm" qəzetinin nəşrini müvəqqəti olaraq dayandırıb. Bu qəzet PKK terrorçularını dəstəkləməkdə ittiham edilir.

France-24 telekanalının verdiyi məlumata görə, nəşri dayandırılan qəzetin baş redaktoru məhkəmə qərarını siyasi hesab edir.

Zana Kaya dövlət çevrilişinə uğursuz cəhdin ardınca hökumətin kəskin addımlar atacağından nigaran olduğunu bildirib.

Z.Kaya deyir: Qəzetin nəşrinə qadağa qoyulması bizi təəccübləndirmədi. Bu qadağanı azad media əleyhinə atılmış addım hesab edirik. "Özgür Gündəm" qəzeti 1992-ciildə təsis edilib və dəfələrlə məhkəmə qərarları ilə üzləşib.

Mart ayında bu qəzetin əməkdaşlarının jurnalist vəsiqələri baş nazirin qərarı ilə əllərindən alındı. İndi də qəzet terrorçu hesab edilən PKK-nı dəstəkləməkdə ittiham edilir.

Jurnalistlərdən biri bildirir ki, ölkədə elan edilən fövqəladə vəziyyət bir bəhanədir. Onun dediyinə görə, hökumət bu fürsətdən öz müxaliflərini repressiya etmək üçün istifadə edir. 15 iyul dövlət əleyhinə uğursuz çevrilişin ardınca mediada da geniş təmizləmə əməliyyatı aparılır və indiyə kimi 70 jurnalist həbs edilib.

Teqlər