Ərəb ölkələri hələ də silah satın alırlar
Fars körfəzinin sahilyanı ərəb ölkələrinin gəlirlərinin azalması barədə yayılan məlumatlara rəğmən qərb mənbələri bu ölkələr tərəfindən silah satın alınması həcminin misli görünməmiş həddə artdığından xəbər veriblər.
Röyters dünən ABŞ dövlətinin Küveyt və Qətərə 7 milyard dollar dəyərində 64 ədəd F-18 və F-15 hərbi təyyarələrinin satışı ilə razılaşmasından xəbər verib.
Eyni zamanda Vaşinqtonun Küveyt və Qətərə 3 milyard dollar dəyərində olan başqa bir müqavilə bağlamaqda olduğu bildirilib.
Bu məlumatın yayılması ilə eyni zamanda Fransanın Müdafiə Nazirliyi də dünən Fransanın "Aerbus Helicopters" şirkəti ilə Küveyt arasında 2,5 milyard dollar dəyərində olan 30 ədəd "Karakal" tipli vertolyotun satışı barədə müqavilənin yekunlaşmaqda olduğunu bildirib.
Fransanın müdafiə naziri Jan-İv Le Drian bu müqaviləni imzaladıqdan sonra, Küveytin Fransadan silah idxalındakı artımı yüksək qiymətləndirərək deyib: Küveyt bu qərarı ilə çoxdandır mövcud olan Fransa ilə strateji ortaqlığını gücləndirmiş oldu.
Beynəlxalq müdafiə müəssisələrinin hesabatlarına əsasən Küveyt və Qətərdən əlavə Səudiyyə Ərəbistanı , Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də son bir il ərzində Avropa və ABŞ şirkətləri ilə azı 15 milyard dollar dəyərində müqavilələr imzalayaraq, Qərb ölkələrindən ən əsas silah idxal edən tərəfə çevrilmişlər.
Fars körfəzinin sahilyanı ərəb ölkələrinin milyardlarla dollar silah satın almaları elə bir şəraitdə reallaşır ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu son hesabatlarında bildiriblər ki, Fars körfəzinin sahilyanı ərəb ölkələri neft gəlirlərinin aşağı düşdüyünə görə maliyyə böhranı ilə üz-üzədirlər və onlarla milyard dollarlıq büdcə kəsrindən əziyyət çəkirlər.
Həmin hesabatlara görə, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv olan 6 ölkənin yəni Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman, Küveyt və Bəhreynin 2016-cı ilin sonunadək olan büdcə kəsri 153 milyard dollara çatacaq və bu prossesin davam etməsi bu ölkələri sosial zəmində ciddi problemlərlə üzləşdirəcək.
Fars körfəzinin sahilyanı ərəb ölkələrinin misli görünməmiş səviyyədə silah idxalı elə bir şəraitdədir ki, həmin silahların bir hissəsi region ölkələrinə yayılan xüsusilə Suriya və İraqda fəaliyyət göstərən terrorçu qrupların ixtiyarına verilir.
Əslində Fars körfəzinin sahilyanı ərəb ölkələrinin silah satın almaları elə bir şəraitdə davam edir ki, bu ölkələr yoxsulluq və işsizlik kimi problemlərlə üz-üzədirlər və bu prosesin son iki ildə davam etməsi Səudiyyə Ərəbistanında olduğu kimi bu ölkələrdə sosial etirazlara səbəb olub.
Belə bir şəraitdə müşahidəçilərin fikrincə regionun ərəb ölkələri tərəfindən silah idxalatı əslində qərb ölkələrinin böhrandan əziyyət çəkən iqtisadiyyatını xilas etmək və silah istehsal edən şirkətlərin iflasa uğramasının qarşısını almağa xidmət edir.
Bu həqiqəti də gözdən qaçırmaq olmaz ki, qərb ölkələri regionda xüsusilə İranofobiya siyasəti ilə sabitliyi pozmaqla ərəb dövlətlərindən aldıqları neftin müqabilində ödədikləri dollarları onlara silah satmaqla geri almış olurlar.