Suriya böhranı üzrə İran, Rusiya və Türkiyənin üçtərəfli anlaşması
İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri Moskvada Suriyadakı son olaylar və Qazaxıstan paytaxtı Astanada suriyalı tərəflərin müzakirə proqramlarını araşdırıblar.
İRNA-nın məlumatına görə, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri Hüseyn Cabiri Ənsari, Mixail Boqdanov və Sədat Önal ötən gün günortadan sonra Moskvada keçirilən üçtərəfli iclasda Astana sülh müzakirələrinin prioriteti ilə Suriya ilə əlaqədar məsələləri araşdırıblar.
Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı və çıxışı ilə başlanan bu iclasda üç ölkənin xarici işlər nazirlərinin müavinləri İran, Rusiya və Türkiyənin dəstəklədiyi Astana iclasının keçirilməsi üzrə protokolları araşdırıblar.
Üç ölkənin xarici işlər nazirlərinin müavinləri həmçinin Astana iclasının uğurlu keçirilməsi və Suriya böhranının həllinə kömək üçün öz məsləhətləşmələrini davam etdirmək üzrə razılığa gəliblər.
Astana iclası 23 yanvarda Qazaxıstan hökumətinin evsahibliyi, İran, Rusiya və Türkiyənin nəzarəti, BMT nümayəndəsinin və Suriya hökuməti və müxaliflərinin iştirakı ilə keçiriləcək.
Astana iclası terrorizmlə mübarizə üçün səyləri birləşdirmək və Suriyada stabilliyi yaratmaq və siyasi prosesi gücləndirmək məqsədilə Hələbin azad edilməsindən sonra keçirilir.
Həmçinin Cabiri Ənsari və Boqdanov ikitərəfli iclasda atəşkəs rejimi tətbiq olunduqdan sonra Suriyanın son olayları və hadisələrini araşdırıblar.
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Cabiri Ənsari Avropa Birliyinin xarici təşəbbüs xidmətinin baş katibi ilə Brüsseldə görüşdükdən və Cenevrədə danışıqlar apardıqdan sonra Moskvaya gedib.