Livan Hizbullahının baş katibi Suriya böhranının siyasi həll yoluna təkid etdi
-
Seyid Həsən Nəsrullah
Seyid Həsən Nəsrullah deyib: İran İslam Respublikası və Hizbullah Suriyada atəşkəsin bərqərar edilməsi, qan axıtmaların durdurulması və böhranın siyasi yolla həll edilməsi üzrə olan istənilən həll yolunu dəstəkləyir.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Hizbullahın Mərkəzi Şurasının üzvü Şeyx Hüseyn Əbidin xatirəsinə həsr olunmuş anım mərasimində deyib: Hizbullah sadəcə Astanada razılaşdırılmış atəşkəsi deyil, istənilən atəşkəsi dəstəkləyir və onu müdafiə edir:
"Hizbullah yalnız Astanada razılaşdırılmış atəşkəsi deyil, Suriyada qan axıtmaları durdurcaq istənilən atəşkəsi himayə edir və onu dəstəkləyir. Çünki, biz qan axıtmalara mane olacaq, Suriyada milli barışığa və böhranın siyasi həllinə şərait yaradacaq istənilən addımı müdafiə edirik. Amma, bizi ittiham edənlərin özləri bu yolda maneə törədirlər. Təkfirçi-terrorçu qruplaşmaları himayə edənlər Suriyada savaşın uzanmasını istəyirlər."
Livan Hizbullahının baş katibi daha sonra Türkiyənin İŞİD terrorçularına qarşı savaşmasını alqışlayıb və bunu mühüm hadisə adlandırıb:
"Türkiyə dövləti İŞİD-in əsas himayədarlarından idi. Sərhədlərini İŞİD-çilərin üzünə açıq qoymuşdu. Onlardan neft və qaz alırdı. Onları nağd pul ilə təmin edirdi. Qapıları İŞİD-ə silahın göndərilməsi və terrorçuların İŞİD-ə qoşulması üçün açıq qoymuşdu. Amma, indi İŞİD üçün etdiklərinə görə peşmandır. Çünki, İŞİD Türkiyənin yaxşılıqlarını bu ölkə daxilində terror aktları törətməklə cavablandırdı."
Seyid Həsən Nəsrullah sonda əlavə edib: Bir çox Ərəb və İslam ölkəsinin Livanı İsrailin nüfuzu altında hesab etdikləri zamanlar İmam Xomeyni(r.ə) aralarında Seyid Abbas Musəvi və Şeyx Hüseyn Əbidi olan 9 qonağına "Əgər müqaivmət göstərsəniz, qələbənin sizinlə olduğunu görürəm" demişdi.
"Bu qələbə 1985, 2000 və 2006-cı illərdə habelə, hazırda İraq və Suriyada gerçəkləşməkdədir. Sabah isə Yəməndə bu qələbənin şahidi olacağıq. Nə Tramp, nə Corc Buş nə də hər hansı başqa bir irqçi hətta, bizim uşaqlarımızın belə imanı, şücaəti, iradəsi və etiqadına xələl gətirə bilməz."