Yəmən vətəndaşları BMT ofisi qarşısına toplaşdı
-
Yəmən vətəndaşları BMT ofisi qarşısına toplaşdı
Yəmənlilər təcavüzkarların cinayətlərini və beynəlxalq dairələrin sükutunu pisləmək məqsədilə paytaxt Sənada BMT ofisi qarşısına toplaşıblar.
İRİB-in məlumatına görə, Səna sakinləri çərşənbə günü paytaxda BMT ofisi qarşısına toplaşaraq bu təşkilatı Yəmən xalqına qarşı təcavüzkarların cinayətlərinə şərik adlandırıb və onun mövqeləri əleyhinə şüarlar səsləndirib.
Yəmənli etirazçılar bu ölkə xalqının məişət durumunun acınacaqlı olmasında BMT-ni suçlayıb və səudiyyəli təcavüzkarların təcavüzü və mühasirəsi qarşısında bu təşkilatın mövqelərini gözdən keçirməyi vurğulayıblar.
İştirakçılar həmçinin səudiyyəlilərin hücumlarının dayandırılması üçün BMT-nin dərhal addımlar atmasını sitəyiblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı ordusunun mövqelərinə hücum edərək Təiz vilayətində yerləşən əl-Məxa rayonunun şərqində səudiyyəli muzdluların işğal etdiyi mövqeləri geri alıblar.
Yəmən qüvvələri həmçinin Təiz, Couf və Maribin şimalındakı bölgələri atəşə tutublar. Ərəbistanın cənubunda Cizan, Nəcran və Əsir bölgələrində səudiyyəli hərbçilərin mövqeləri də yəmənli qüvvələrin atəşindən yaxa qurtara bilməyiblər.
Ərəbistan ABŞ və İngiltərənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə qarşı hücumlara başlayıb. Ali-Səud rejiminin hücumları nəticəsində 38 mindən çox yəmənli həlak olub və yaralanıb. Yəmənin infrastrukturlarına ağır xəsarətlər dəyib və milyonlarla sivil, xüsusilə də uşaq və qadınlar didərgin düşüblər.