İŞİD və kimyəvi silahları - Reportaj
Mosulda son günlərini yaşayan İŞİD terrorçuları mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə edirlər.
İŞİD terrorçularına məxsus 100 ton kimyəvi maddə aşkar edildi. İraqın “Həşdüşşəbi” könüllü xalq qüvvələri Mosulun şərqində yerləşən bu anbarı kəşf etməyə nail olublar. Bu arada Mosulun cənubunda iraqlı qüvvələr və terrorçular arasında ağır döyüşlərin getdiyi bildirilir. Neynəva vilayətinin mərkəzi olan Mosul şəhəri 2014-cü ildən İŞİD-in nəzarəti altındadır. Şəhərin şərq hissəsini terrorçulardan təmizləyən iraqlı qüvvələr indi də şəhərin qərb hissəsinin azad edilməsi əməliyyatını həyata keçirirlər.
İRİB-nin müxbiri:
Mosuldan kimyəvi silah qoxusu gəlir. 25 il öncə mart ayının 15-də Səddam rejimi Hələbçə şəhərinə kimyəvi bombalar ataraq, 5 minə yaxın insanın ölümünə səbəb olmuşdusa, indi də İŞİD kimyəvi silahlarla İraqın şimal sakinlərinin canına daraşıb. Mosulda işinin bitmiş olduğunu görən İŞİD indi də kimyəvi silahlardan istifadə edərək, acığını günahsız körpələrdən çıxmaq istəyir.
Nazim Həmid – Mosul sakini:
Evimiz raket mərmisinin hədəfinə tuş gəldi. Mərmi qonaq otağına düşmüşdü. Evimizi çox pis bir qoxu bürüdü. Övladlarım qazdan zəhərlənmişdilər. Dərilərində yanıq izləri var idi. Nəfəs almaqda çətinlik çəkirdilər.
İRİB-nin müxbiri:
Əsasən xarici ölkə vətəndaşları olan İŞİD terrorçuları üçün iraqlıların həyatı heç bir önəm kəsb etmir və günahsız insanları qırğın etməklə məşğuldurlar. Kimyəvi hücuma məruz qalanların sayı isə hər an artır.
Hüseyn Qadir – Ərbil xəstəxanasının təcili yardım şöbəsinin müdir müavini:
Ötən 2 gündə kimyəvi hücuma məruz qalmış 10 nəfər xəstəxanamıza müraciət edib. Tibbi yardımların göstərilməsindən sonra, indi vəziyyətləri yaxşıdır. Amma, zaman keçdikcə onların sayı artmaqda davam edir.
İRİB-nin müxbiri:
Amma, İŞİD-in bu çirkin əməlləri belə iraqlı qüvvələri durdurmağa yetmir. Ötən il başlanan Mosulun Azad Edilməsi Əməliyyatı çərçivəsində iraqlı qüvvələr artıq şəhərin şərq hissəsinə nəzarəti tam təmin ediblər. İndi isə şəhərin qərb hissəsinin azad edilməsi uğrunda döyüşlər davam edir. İŞİD-in İraqdakı son qalası sayılan Mosul şəhəri 2014-cü ildə terrorçular tərəfindən ələ keçirilmişdi. Amma, bu işğal artıq özünün son günlərini yaşayır.