İŞİD Mosulun came məscidi ərazisində məğlubiyyətə uğrayıb
İraqın federal polisi Əbu Bəkr Əlbəğdadinin öz iddia etdiyi xilafətini elan etdiyi məkan olan Mosulun qərbindəki böyük Nuri came məscidinin ərazisində İŞİD terrorçularının müdafiə səddinin sındırılmasından xəbər verib.
Əlaləm telekanalının məlumatına görə, İraqın federal polisinin rəisi Raid Şakir Cəudət dünən axşam İŞİD terrorçularının Mosulun qərbindəki böyük Nuri came məscidinin içərisində mühasirə olunduqlarını təsdiq edərək, əlavə edib: Bizim xüsusi təyinatlı qüvvələrimiz Nuri came məscidinin tanınmış minarəsi olan Hədbaa minarəsində və bu məsciddə mühasirə olunmuş İŞİD-çilərin yardım xətti sayılan bu terror qrupunun Zəncili məntəqəsindəki ön müdafiə xəttini sındıra biliblər. Onlar habelə İŞİD-in üç başçısı daxil olmaqla bu qruplaşmanın bir qrup üzvünü məhv edə biliblər.
Eyni zamanda, Mosulda müştərək əməliyyat komandanlığı bu şəhərin azad edilməsi əməliyyatının dayandırılmasına dair xəbəri qeyri-düzgün adlandırıb və bildirib ki, mülkiləri himayə məqsədilə əməliyyat diqqəti artırılıbdır.
Digər tərəfdən, İraq Kürdüstanı məntəqəsinin təhlükəsizlik şurası bildirib: Ötən bir neçə gün ərzində İŞİD tərəfindən Mosulda öldürülmüş insanların sayı 140 nəfərə çatıb.
İraqlı qüvvələr hal-hazırda bu ölkənin şimalındakı Neynəva vilayətində yerləşən Mosul şəhərində İŞİD ilə döyüşməkdədirlər. Onlar indiyədək bir çox məntəqə və kəndi bu terror qrupunun işğalından çıxara biliblər.