Ərəbistanda onlarla keçmiş və hazırkı şahzadə və nazir həbs olunub
Ərəbistan krallığı korrupsiya ilə mübarizə bəhanəsilə bu ölkənin onlarla keçmiş və hazırkı şahzadə və nazirini həbs edib.
Ərəbistan dövləti dırnaqarası korrupsiya ilə mübarizə üçün yeni bir komitə yaradaraq on bir şahzadə, eləcə də keçmiş və hazırkı nazirlərdən otuz nəfərini həbs edib.
Ərəbistan kralının oğlu, vəliəhd Muhəmməd bin Salmanın başçılıq etdiyi bu komitə dünən gecə yaradılıb və bir neçə saat ərzində bu həbs hökmlərini çıxarıbdır.
Əlhəyat qəzeti və Ələrəbiyyə telekanalı bildiriblər ki, həbs olunanlar arasında səudiyyə nazirlər kabinetinin dörd naziri nəzərə çarpır.
Həbs olunanlar arasında Ciddənin sabiq meri və keçmiş səhiyyə naziri Adil Fəqih, Yaxın Şərq mediyası mərkəzinin direktoru Vəlid Əlibrahim, Ərəbistan monarxiya məhkəməsinin keçmiş sədri Xalid Tuycəri, həmçinin Rutana şəbəkəsinin direktoru və Ərəbistanın ən varlı şəxsiyyəti Vəlid bin Təllal bin Əbduləziz kimi tanınmış şahzadələr və şəxslərin adları görünür.
Kral Salman habelə Ərəbistan milli qvardiyasının rəisi və bu ölkənin keçmiş kralının oğlu Mutəəb bin Abdullah bin Əbudləzizi vəzifəsindən kənarlaşdırıb.
Bəzi medialar da bildiriblər ki, Mutəəb bin Abdullah həbs olunanlar arasındadır.
Bu şəxslərin korrupsiya, rüşvətxorluq və pulyumada ittiham olunduqları bir halda, bəzi analitiklər bu addımı Kral Salmanın qüdrəti öz oğlu Muhəmməd bin Salmana ötürməyə çalışması hesab edirlər.
Belə bir halda, bəzi mənbələr Ərəbistana giriş və bu ölkədən çıxış uçuşlarının müvəqqəti olaraq dayandırılmasından xəbər veriblər. Bəzi mənbələr də bildiriblər ki, Ərəbistan krallığı bu ölkədəki özəl hava limanlarının naməlum müddətədək fəaliyyət göstərməmələri barədə göstəriş veribdir. İnformasiya qaynaqları bildiriblər ki, bu addım son həbslərin ardınca ərəbistanlı rəsmilər və şahzadələrin ölkədən çıxmalarını əngəlləmək məqsədilə atılıbdır.