Qətərin xarici işlər naziri İran ilə əlaqələrin qorunmasını vurğuladı
Qətərin xarici işlər naziri İranın Fars körfəzi ətrafında yerləşən Ərəb ölkələri ilə qonşu ölkə olduğunu və Qətərin İran İslam Respublikası ilə ortaq maraqlarının olduğunu deyib.
İRNA-nın məlumatına görə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali Sani Türkiyənin TRT telekanalına verdiyi müsahibədə ölkəsinin İran ilə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Ərəbistan və daha 3 ərəb ölkəsinin Doha ilə olan ixtilaflarından söz açıb: Qətəri mühasirəyə alan ölkələr hələ də Qətər ilə gərginlik siyasətini davam etdirir və dialoq ilə müxalifət edirlər. Onlar, xoşagəlməz metodlardan istifadə edirlər.
Məhəmməd bin Əbdürrəhman Ali-Sani Qətər ilə 4 ərəb ölkəsi arasındakı ixtilafların həll edilməsi üçün Küveytin vasitəçiliyini beynəlxalq dəstəyə malik olan məqbul və münasib seçim adlandırıb və deyib: Qətər danışıqlara hazır olduğunu elan edib.
Qətərin xarici işlər naziri həmçinin deyib: Region gərginlik, qarşıdurma və təhrikedici sözlərin şahididir. Təhrikedici hərəkətlər regionu, heç bir çıxış yolu olmayan yeni bir böhrana doğru sürükləyir. Buna görə də, bu hərəkətləri dərhal dayandırmaq lazımdır.
Qətərin xarici işlər naziri daha sonra Fars Körfəzi Əməkdaşlıq Şurasının nizamnaməsinin aşkar qüsurlara malik olduğunu deyərək, bu nizamnaməyə düzəlişin edilməsini istəyib və deyib: Aydın və şəffaf ölçülərə malik olmadığı zamana kimi, bu nizamnaməyə etimad öncəki kimi olmayacaq.
Ərəbistan, Misir, BƏƏ və Bəhreyn 5 iyun 2017-ci il tarixindən Dohaya qarşı sanksiyalar tətbiq edərək, Qətər ilə bütün diplomatik əlaqələrini kəsiblər. Bu 4 ərəb ölkəsi Qətəri Ər-Riyadın başçılıq etdiyi siyasət kursuna uyğun davranmamaqda ittiham edirlər.