İraq ordusu İŞİD-in mövqelərini hədəfə aldı
İraq ordusu Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin qərbində İŞİD terrorçularının mövqelərinə hücum edib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İraq ordusunun komandanlarından olan Qazi Əl-İbar şənbə günü ordunun Quru Qoşunları və Hava Qüvvələrinin Mosulun şimal-qərbində yerləşən Ətşanə yüksəkliklərində İŞİD terrorçularının mövqelərinə qarşı birgə əməliyyata başladıqlarını deyib.
Ötən cümə axşamı da İraq ordusu Əl-Ənbar vilayətində 6 İŞİD terrorçusunu o cümlədən iki dəstə başçısını məhv etmişdi.
İraq 2017-ci ilin dekabrında ölkənin bütün ərazilərini İŞİD-in işğalından azad etsə də, terrorçular hələ də bəzi məntəqələrdə pərakəndə şəkildə fəaliyyət göstərirlər. Xüsusilə ölkənin şimal və qərb bölgələrində habelə, paytaxt Bağdada yaxın ərazilərdə terrorçular hələ də təxribatçılıqla məşğuldurlar.