Səudiyyə koalisiyasının kəşfiyyat PUA-sı Əl-Hüdəydədə məhv edildi
-
Səudiyyə koalisiyasının kəşfiyyat PUA-sı Əl-Hüdəydədə məhv edildi
Yəmən ordusu və xalq qüvvələri çərşənbə axşamı Səudiyyə koalisiyasının bir ədəd pilotsuz uçan aparatını Yəmənin qərbində, Əl-Hüdəydədə vuraraq, məhv edib.
Əl-Aləm kanalının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri Səudiyyə koalisiyasına məxsus bu kəşfiyyat PUA-sını Əl-Hüdəydə şəhərinin 16-cı kilometr məntəqəsi üzərində hədəfə alıb.
Yəmən ordusu və xalq qüvvələri Səudiyyə koalisiyasının Yəmənə qarşı təcavüzləri dövründə Ərəbistan və müttəfiqlərinin onlarla PUA-sını vurub.
Əl-Hüdəydə şəhərində atəşkəsə dair İsveçdə əldə olunmuş anlaşma Səna və Ər-Riyad heyətləri tərəfindən imzalanıb və 18 dekabr tarixindən qüvvəyə minib. Amma, Səudiyyə koalisiyası atəşkəs anlaşmasını intensiv şəkildə pozur.
Əl-Hüdəydə liman şəhəri humanitar yardımların Yəmənə çatdırılması üçün başlıca giriş nöqtəsi hesab olunur.
Yəmənə qarşı təcavüzlərin dayandırılması istiqamətində indiyə kimi bir neçə dəfə cəhd göstərilsə də, hər dəfə Ərəbistan və müttəfiqlərinin təxribatçılığı ilə bu səylər nəticəsiz qalıb.
Ərəbistan ABŞ, Britaniya və digər qərb dövlətlərinin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başlayıb. Bu hücumlarda Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkə Ərəbistanın başçılıq etdiyi koalisiyada yer alıb. Yəmənə qarşı hücumlar indiyə kimi yüz minlərlə insanın ölməsi və yaralanmasına, milyonlarla insanın evsiz qalmasına, ölkənin xarabalığa çevrilməsinə səbəb olub. Ölkə aclıq, qıtlıq və yolxucu xəstəliklərin sürətlə yayılmasından əziyyət çəkir. Dünya bu faciəyə göz yumur.