İraq Türkiyə ilə mehriban qonşuluq prinsipinə sadiqdir
İraqın XİN mətbuat katibi deyib: "Rəsmi Bağdad Türkiyənin İraqın şimalına olan hücumlarına münasibətdə hələ də dialoqa və mehriban qonşuluq prinsipinə sadiqdir".
SəhərAzəri-nin Fars Xəbər Agentliyinə istinadla məlumatına görə, İraqın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əl-Səhaf dünən Türkiyənin bu ölkənin şimalına hərbi hücumlarını davam etdirməsinə münasibət bildirərkən, vurğulayıb: "Rəsmi Bağdadın Türkiyənin hücumlarına cavab vermək üçün bir çox vasitələri vardır ki, onlardan ən güclüsü iqtisadi variantdır".
"Türkiyənin onlarla iqtisadi və investisiya şirkəti İraqda fəaliyyət göstərir, həmçinin İraqın Türkiyə ilə illik ticarət dövriyyəsinin dəyəri 16 milyard dollar məbləğindən daha çoxdur", -deyə Əl-Səhaf əlavə edib.
İraqın XİN sözçüsü xatırladıb ki, bütün bunlar İraq hökumətinin ixtiyarında olan güc vasitələridir, lakin regionun sülh və təhlükəsizliyini hədələyən hazırkı problemə qalib gəlməyin yolu siyasi dialoq və mehriban qonşuluq prinsipinə əsaslanmaqdır.
Əl-Səhaf İraqın Türkiyənin iki ölkə sərhədində birtərəfli və təxribatçı hərbi əməliyyatlarını ən sərt şəkildə rədd etdiyini və belə hərəkətlərin regionun xeyrinə olmadığını vurğulayıb.
Bağdad hökumətinin kəskin etirazı elə bir halda irəli sürülür ki, Əl-Aləm telekanalı Türkiyə ordusunun iyunun 3-də səhər saatlarında İraqın şimalında P.K.K qüsvvələrinin mövqelərinə qarşı artilleriya hücumlarının davam etdiyindən xəbər verib.