Səudiyyəli akademik Twitter-dən istifadə etdiyinə görə ölüm cəzasına məhkum edilib
Britaniyanın "Guardian" qəzeti , tanınmış vaiz olan və sosial şəbəkələrdə çoxlu pərəstişkarı olan 65 yaşlı Əvad Əl-Qərninin həbsindən 5 ildən çox vaxt keçdikdən sonra ölüm cəzasına məhkum edildiyini bildirib.
Onun 2017-ci ildə yenilənmiş Twitter hesabının iki milyon izləyicisi var.
Əl-Qərninin oğlu keçən il Ərəbistandan qaçıb və o vaxtdan Britaniyada yaşayır. Guardian onun təqdim etdiyi sənədlərə istinadən yazıb ki, Əl-Qərni sosial mediada krallığa "düşmən" sayılan xəbərləri yaymaqda günahlandırılıb.
"Müsəlman Qardaşlar" hərəkatını tərifləmək də Əl-Qərniyə qarşı irəli sürülən ittihamlar sırasındadır.
Bu Britaniya nəşri "Reprieve" adlı insan haqları qrupunun Yaxın Şərq və Şimali Afrika şöbəsinin rəhbəri Jeed Basyouniyə istinadən yazıb: "Səudiyyəlilərin özləri Twitter və Facebook kimi platformalara sərmayə yatırıblar. Vətəndaşları məhkum etmək üçün belə bir ittiham dəhşətli olsa da, onun gülməli tərəfi də var".
Basyouni bildirib ki, Ər-Riyadın Ərəbistanın infrastrukturlarının modernləşdirilməsi və sosial və mədəni açılışları ilə bağlı təbliğatı fikir və ifadə azadlığına qarşı geniş təzyiqləri ilə açıq şəkildə ziddiyyət təşkil edir.
2017-ci ildə Əl-Qərninin həbsindən və Səudiyyə Ərəbistanında müxaliflərin və vətəndaş fəallarının repressiya edilməsindən sonra İnsan Haqları Gözətçisi Təşkilatı da bu prosesi pisləyən bir bəyanat verdi; Bu proses 2018-ci ildə tənqidçi jurnalist Camal Qaşıqçının İstanbulda vəhşicəsinə öldürülməsi ilə tamamlandı və daha da intensivləşdi.