Okt 19, 2024 18:36 Asia/Baku
  • İraqlı gənclər MBC-nin Bağdaddakı ofisini oda çəkiblər

İraqlı gənclər Səudiyyə Ərəbistanının MBC telekanalının müqavimətin şəhid komandirlərinə hörmətsizlik etməsindən sonra telekanalın Bağdaddakı ofisini yandırıblar.

İRNA-nın İraq mediasına istinadən verdiyi məlumata görə, qəzəbli gənclər Səudiyyə kanalının Bağdad Universitetinin yaxınlığındakı ofisinə daxil olduqdan sonra onun avadanlıqları sındırıblar və binanı oda çəkiblər. 

Həmin ərazidə olan təhlükəsizlik qüvvələri İraq xalqının MBC kanalının binasına hücumunun qarşısını ala bilməyiblər.

Səudiyyə Ərəbistanının MBC telekanalı özünün həftə sonu proqramı zamanı müqavimət liderlərini terrorçu adlandıran başdan ayağa böhtan və iftira dolu bir hesabat yayımlamışdı.

Kanalın "Terrorçulardan qurtuluş minilliyi" adlı reportajda hörmətsizlik etdiyi müqavimət komandirləri və şəhid liderləri arasında  İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı general Hacı Qasim Süleymani, Livan müqavimət hərəkatının liderləri Seyid Həsən Nəsrullah, İmad Muğniyə, Fuad Şükür və HƏMAS liderləri İsmayıl Həniyyə və Yəhya Sinvar da var. 

Fələstinin HƏMAS müqavimət hərəkatı verdiyi açıqlamada Səudiyyə mediasının bu addımına nifrətini bildirib və onu mənəvi tənəzzül adlandırıb və MBC rəsmilərini bu hörmətsizliyə görə üzr istəməyə çağırıb.

İraqdakı müqavimət qrupları təhdid ediblər ki, əgər MBC-nin Bağdaddakı ofisini bağlamasalar, ona hücum edəcəklər.

İraqlı sosial şəbəkə istifadəçiləri Səudiyyə kanalının ünvanını paylaşaraq, xalqı onun bağlanmasını açıq şəkildə tələb etməyə çağırıblar.

Teqlər