Avq 05, 2021 11:21 Asia/Baku
  • Ərdoğan:

Türkiyənin dövlət başçısı bu ölkəni bürüyən yanğınların terror aktı olduğunu bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan Türkiyə televiziyalarına müsahibəsində bildirib: "Yanğınlarda terror şübhəsi var, biz ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq".

 Prezident deyib ki, yanğınlarda terror, təxribat şübhəsilə əlaqədar hazırda polis və kəşfiyyat təşkilatlarının araşdırmaları davam edir. Bu məsələ ilə əlaqədar əvvəldən narahatlıqlar vardı. Ehtimallar doğru çıxdı. Saxlanılan şübhəlilər arasında həbs olunanlar oldu. Həbs olunanların ailələrinin PKK ilə əlaqəli olduğu da öyrənildi. Ötən il Hatayda baş verən meşə yanğınları zamanı belə faktlar olub. 

Xatırladaq ki, Türkiyənin Meşə Təsərrüfatı İdarəsindən verilən məlumata görə isə, son 8 gün ərzində Türkiyənin 39 vilayətinin meşələrində yanğın hadisələri qeydə alınıb.

Yanğınlar söndürmə işinə 5250 nəfər, 16 təyyarə, 9 PUA, 45 helikopter, minə yaxın texnika cəlb edilib.

Yanğının qarşısını almaqda Azərbaycan Respublikası və İran İslam Respublikası ilə yanaşı bir çox ölkə Türkiyəyə köməklik göstərir. Bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ölkəsinə dəstək verən, dua edən və başsağlığı verən bütün ölkələrə və təşkilatlara təşəkkür edib.   

Teqlər