TL dəyər itirməkdə rekord vurdu
Türk lirəsi əriyir
Türkiyə lirəsinin ucuzlaşması bu gün də davam edib. Səhər saatlarından etibarən dollar daha bir psixoloji həddi aşıb və 16,2 TL-yə qədər bahalaşıb. Avronun məzənnəsi isə 18,39 TL-yə çatıb.Ötən gün dollar daha bir psixoloji həddi keçərək 15 TL-ni aşmışdı.
SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə milli valyutasının dəyərdən düşməsini Mərkəzi Bankın artan inflyasiya səviyyəsinə baxmayaraq uçot dərəcəsini daha 1 faiz aşağı endirməsi daha da sürətləndirib. Belə ki, qarşıdakı aylarda istehlak mallarının inflyasiya səviyyəsi 30 faizi keçəcəyi gözlənilir, Mərkəzi Bankın uçot dərəcəsi isə 14-ə endirilib. Belə vəziyyət isə əhalinin və biznes subyektlərinin əllərindəki TL-ni dollara çevirməsinə, nəticədə xarici valyutaya tələbatın artmasına səbəb olur.
İqtisadçılara görə yaxın perspektivdə Mərkəzi Bankın dolların məzənnəsinə təsir etmək üçün bazara birbaşa müdaxiləni davam etdirməkdən başqa aləti qalmır. Bu isə müvəqqəti tədbir hesab edilir. Ötən günlərdə Mərkəzi Bank bazara üç dəfə dalbadal müdaxilə edib və 4.5 milyard dollar satıb, amma bu müdaxilə lirənin ucuzlaşmasını cəmi bir neçə saatlığa dayandıra bilmişdi.