Antalyada əlamətdar görüş: Nəticə olmadı
Çavuşoğlunun vasitəçiliyi ilə Lavrov və Kulebanın görüşü keçirilib
Rusiya və Ukraynanın xarici işlər nazirləri arasında Antalyada rəsmi səviyyədə görüş keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşür, orada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Bu, Rusiya və Ukraynanın xarici işlər nazirləri arasında Ukraynanın demilitarizasiyası üzrə Rusiya xüsusi əməliyyatının başlamasından bəri ilk görüşdür.
Xatırladaq ki, Rusiya və Ukrayna xarici işlər nazirləri arasında görüş Rusiyanın keçirdiyi xüsusi əməliyyat fonunda münaqişədən çıxış yolu tapmaq üçün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusda keçirilən üç raund danışıqlardan sonra baş tutub.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib: “Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”.
Onun sözlərinə görə, görüşdə 24 saatlıq atəşkəs və humanitar dəhlizlərin açılması məsələsini müzakirə ediblər: “Cənab Çavuşoğlu iki tərəfin maraqlarını yaxınlaşdırmaq naminə ciddi işlər gördü. Ən azından 24 saatlıq atəşkəsin elan olunması ümidi ilə Antalyaya gəldim. Humanitar dəhlizlərin işə düşməsinə ümid edirəm. Rusiya bunu istəmirsə, biz müharibəni dayandıra bilməyəcəyik. Çünki Rusiyanın atəşkəs elan etməsi real görünmür. Amma Ukrayna güclüdür və mübarizə aparmağa davam edir. Diplomatik həlli görmək istəyirik. Lakin təslim olmayacağıq”.
XİN başçısı söyləyib ki, Rusiyanın işğal etdiyi regionlardakı torpaqların azad olunması üçün fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, tərəflərin ortaq məxrəcə gələ bilmələri əvvəldən şübhə altında idi, zira Rusiya hökuməti Ukraynanın tərksilah edilməsində, Donetsk və Luqanskın müstəqilliyinin Kiyev tərəfindən tanınmasında, eləcə də Krımın Rusiya ərazisi kimi qəbul edilməsində israrlıdır, Ukrayna isə bunları özünün qırmızı xətti adlandırıb.