Ərdoğan və Conson Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniyanın baş naziri Boris Conson ilə apardığı telefon danışığında ikitərəfli münasibətləri və regional hadisələri, o cümlədən İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərini və Ukrayna ilə Rusiya arasındakı müharibəni müzakirə ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Türkiyə Prezident Administasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan bu telefon danışığında vurğulayıb ki, Ankara Finlandiya və İsveçin NATO dəyərlərinə dəstək verəcəyinə və Türkiyənin qanuni maraqlarının nəzərə alınacağına əmin olmalıdır.
Dövlət başçısı İsveç və Finlandiyanın PKK/YPG terror təşkilatının nəzarətində olan şəxslər və qondarma strukturlarla əlaqələrinin böyük problem olduğunu bildirib.
Finlandiya və İsveç hökumətləri tərəfindən Şimali Atlantika Alyansı NATO-ya üzvlüklə bağlı rəsmi müraciətlərin irəli sürülməsi Rusiya hökumətinin mənfi reaksiyası ilə üzləşib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bazar ertəsi günü Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarından narahatlığını bildirərək, deyib: "Bu hərbi alyansın genişlənməsi dünyanı və Avropa qitəsini daha sabit və təhlükəsiz etmir".