Türkiyə öz mövqeyində israrlı qalır
"Finlandiya və İsveç terrorizmə dəstəklərini dayandırmalıdırlar"
Türkiyə prezidenti NATO-nun baş katibi ilə İsveç və Finlandiyanın hərbi alyansa üzvlüyünü müzakirə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Danışığın mövzusu İsveç və Finlandiyanın NATO-ya üzvlük istəyi olub.
Ərdoğan bildirib ki, Türkiyənin İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı təhlükəsizlik narahatlığı ədalətli və qanuni əsaslara əsaslanır.
Prezidentin sözlərinə görə, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidirlər.
NATO-nun baş katibi Stoltenberq də mühüm müttəfiqi olan Türkiyənin gözləntilərinin nəzərə alınmasının vacibliyinə diqqət çəkib.
Qeyd edək ki, İsveç və Finlandiya PKK terror təşkilatına açıq dəstək nümayiş etdirirlər. Hər iki ölkədə PKK-ya dəstək aksiyaları keçirilir.