Türkiyə "hə" dedi, maneə aradan qalxdı
İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verilib
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib.
SəhərAzəri xəbər verir ki, razılaşmaya əsasən müdafiə sənayesi məhsullarının Türkiyəyə tədarükünə qoyulan embarqo aradan qaldırılacaq və bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.
Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.
Madriddə üç ölkə arasında imzalanan memorandumda deyilir ki, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.
Qeyd olunur ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.
Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq.
Bundan əlavə, İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq.
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandumdan məmnunluğunu ifadə edib və bildirib ki, Finlandiya və İsveç terrorda ittiham olunanların ekstradisiyası üçün Türkiyə ilə işləməyə hazır olacaqlar.