Noy 15, 2022 00:51 Asia/Baku
  • Məqsəd Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqdır

Rusiyalı politoloq hesab edir ki, İstanbuldakı terror aktının arxasında məhz ABŞ dayanır. Əsas məqsəd isə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, bu fikirlərlə tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov çıxış edib.

Politoloq öz fikrini belə izah edib ki, 2023-cı ilin iyun ayında Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ölkə Ərdoğanın tərəfdaşları ilə qərbyönümlü kürdlər arasında ciddi şəkildə yarıya bölünüb. Kürdlərin səsləri bu seçkilərdə həlledici rol oynaya bilər. ABŞ isə terror aktları ilə Ankaranı kürdlərə qarşı müharibəyə başlamağa təhrik etmək və bununla da bütün kürdləri Ərdoğanın düşməni etmək istəyir.

Onun sözlərinə görə, belə hal baş versə, kürdlər Ərdoğana, sözsüz ki, səs verməyəcək. Həmçinin ABŞ onu göstərmək istəyir ki, guya Ərdoğan ölkədə təhlükəsizliyi təmin edə bilmir.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun məşhur İstiqlal prospektində bombalı hücum nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Teqlər