Türkiyə-Suriya münasibətlərində normallaşma
Yaxın günlərdə İraqın paytaxtında Suriya və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar baş tutacaq.
Bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb.
Qeyd olunub ki, Suriya və Türkiyə rəsmiləri arasında görüş İraqın baş naziri Məhəmməd əl-Sudaninin vasitəçilik səyləri sayəsində mümkün olub.
Mənbə vurğulayıb ki, İraq Nazirlər Kabinetinin rəhbəri və hökumət üzvləri son vaxtlar Dəməşq və Ankaranı barışdırmaq məqsədi ilə bütün mümkün əlaqələri gizli şəkildə gücləndirib və məqsədə çatmaq üçün bir sıra ikitərəfli görüşlər keçiriblər.
Son günlər İraqın baş naziri Məhəmməd Əssudani də Türkiyə və Suriya liderləri arasında vasitəçilik fəaliyyətlərindən xəbər vermişdi.
Türkiyə 2022-ci ilədək Bəşar Əsəd hökumətini devirmək istəyən suriyalı yaraqlıları dəstəkləyirdi. Ancaq həmin tarixdə Suriya barədə mövqeyində dəyişiklik etdi. Bunun səbəbi Suriyanın şimalındakı kürdlərin ABŞ tərəfindən himayə edilərək region dövlətlərinə qarşı yönəldilməsidir.
Suriya dövlətinin nəzarətindən çıxarılan bu ölkənin Türkiyə və İraq ilə həmsərhəd bölgələri, artıq Ankara üçün ciddi təhlükəyə çevrilib. ABŞ-ın həmin ərazilərdəki Suriya Demokratik Qüvvələri adlandırılan kürd yaraqlıları dəstəkləməsi Türkiyəni Suriyaya yaxınlaşmaq məcburiyyətində qoyub.
Analitiklərə görə, İraqın vasitəçilik fəaliyyəti Türkiyə ilə Suriyanın yaraqlı kürdlərə qarşı birgə əməliyyatlarını təmin edə bilər. Məqsəd isə Ankara üçün təhdid olan bölgələrin Suriya hökumətinin nəzarətinə qaytarılması ola bilər.