Ərdoğan: Suriyadakı terror qruplarını tanımırıq
https://azeri.sahartv.ir/news/türkiyə-i287193-Ərdoğan_suriyadakı_terror_qruplarını_tanımırıq
Suriyanın ərazi bütövlüyü və siyasi birliyinə dəstək verən Türkiyə prezidenti deyib: Biz Suriyanı parçalamağa çalışan terror qruplarını qanuni bir oyunçu kimi tanıya bilmərik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2017 07:42 Asia/Baku
  • Ərdoğan: Suriyadakı terror qruplarını tanımırıq

Suriyanın ərazi bütövlüyü və siyasi birliyinə dəstək verən Türkiyə prezidenti deyib: Biz Suriyanı parçalamağa çalışan terror qruplarını qanuni bir oyunçu kimi tanıya bilmərik.

İRNA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan çərşənbə günü axşam Soçidə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə birgə mətbuat konfransında əlavə edib: Suriyanın siyasi birliyi və ərazi bütövlüyünü, həmçinin region ölkələrinin milli təhlükəsizliyini hədəfə alan terrorçu ünsürlərin çıxarılması bizim ən vacib prioritetlərimizdən olacaqdır.

Türkiyə prezidenti bu mətbuat konfransının başlanğıcında belə deyib : Bizim regional məsələlər ilə bağlı Rusiya və İranla sıx müzakirələrimiz davam edir və bütün sahələrdə bunun səmərəsinin şahidiyik.

Ərdoğan həmçinin İran prezidentilə görüşünə toxunub: Ruhani ilə bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəldik.

Türkiyə prezidenti söyləyib: Rusiyalı və iranlı həmkarlarımızla həssas görüşlər keçirdik və günün məsələlərini, xüsusilə də Suriyadakı vəziyyəti tam sədaqətlə araşdırdıq.

Ərdoğan Suriyadakı dəyişikliklərdə təsirli olan ölkələri, Soçi sammitində göstərilən səyləri və əldə olunan qərarları dəstəkləməyə çağırıb.

İran, Rusiya və Türkiyənin Suriya böhranı ilə bağlı həll yollarını araşdırmaq üzrə üçtərəfli zirvə görüşü İŞİD terrorçu qrupunun məğlubiyyətindən sonra çərşənbə günü Rusiyanın Soçi şəhərində bir bəyanat qəbul edərək, başa çatıb.

Üç ölkə başçılarının üçtərəfli sammitində İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri və silahlı qüvvələrinin qərargah rəisləri də iştirak ediblər.