Bahçəli ABŞ-ın Maduro əməliyyatını lənətlədi:
“Bu, həbs yox, açıq insan oğurluğudur!”
Türkiyədə iqtidarda olan Cumhur İttifaqının qurucu ortaqlarından biri – Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçəli ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu xüsusi təyinatlılar vasitəsilə həbs etməsinə sərt reaksiya verib.
Parlamentdə partiyasının qrup toplantısında çıxış edən Bahçəli baş verənləri “beynəlxalq hüququn tapdanması” və “açıq insan oğurluğu” adlandıraraq, bu addımı qətiyyətlə lənətlədiyini bəyan edib.
MHP lideri bildirib ki, suveren bir ölkənin dövlət başçısının başqa bir dövlət tərəfindən zorakılıq yolu ilə saxlanılması nə hüquq, nə də demokratiya ilə izah oluna bilər. Onun sözlərinə görə, bu cür əməliyyatlar “qlobal xaosun legitimləşdirilməsi” və güclülərin zəiflər üzərində hökmranlıq cəhdidir.
Bahçəli vurğulayıb ki, ABŞ-ın bu addımı təkcə Venesuelaya qarşı deyil, bütün dövlətlərə verilmiş təhlükəli mesajdır:
“Əgər bu gün Maduro oğurlanırsa, sabah başqa bir ölkənin lideri hədəf alınacaq. Bu, beynəlxalq sistemin çökməsi deməkdir”, - deyə türkiyəli siyasətçi vurğulayıb.
MHP liderinin bu çıxışı Türkiyənin hakim blokunda ABŞ-ın Venesuela siyasətinə münasibətdə ciddi narahatlığın göstəricisi kimi dəyərləndirilir. Analitiklər hesab edirlər ki, Bahçəlini bu qədər sərt danışmağa vadar edən əsas səbəb presedent təhlükəsidir: yəni güc yolu ilə hakimiyyət dəyişmə modelinin normaya çevrilməsi.