Türkiyə "Zeytun Budağı" əməliyyatının davam etdiriləcəyini vurğulayıb
Türkiyə prezidentinin sözçüsü bu ölkə ordusunun Suriyanın şimalında, Afrin məntəqəsindəki "Zeybun Budağı" adlı əməliyyatının terrorçuların tam şəkildə məhv ediləcəyi zamana kimi davam edəcəyini bildirib.
Çin xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın sözçüsü İbrahim Kalın çərşənbə axşamı deyib: "Zeytun Budağı" əməliyyatı terrorçuların tamamilə məhv ediləcəyi və suriyalı didərginlərin öz evlərinə qayıdacağı zamana kimi davam edəcək.
İbrahim Kalın əlavə edib: "Zeytun Budağı" əməliyyatı hansısa etnik qrupa qarşı yönəlməyib.
Türkiyə Silahlı Qüvvələri də çərşənbə axşamı bir bəyanat yayaraq, "Zeytun Budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin şəhərində 260 PKK, PYD, YPG və İŞİD terrorçusunun öldürülməsindən xəbər verib.
Türkiyə ordusu Suriyanın şimalında, Afrin məntəqəsində hərbi əməliyyatların proqram əsasında davam etdiyini də qeyd edib.
Bu bəyanata görə, terrorçular ilə gedən döyüşlərdə Türkiyə ordusunun 3 hərbçisi həyatını itirib.
Digər tərəfdən, informasiya qaynaqları terrorçuların Suriya ərazisindən Türkiyənin Hatay şəhərinə iki ədəd raket atmalarından xəbər veriblər. Bu raket hücumunun insan tələfatı olmayıb. Atılan mina mərmiləri yaşayış olmayan əraziyə düşüb.
Türkiyə Silahlı Qüvvələri şənbə günündən başlayaraq, Suriyanın şimalında, Afrin məntəqəsində "Zeytun Budağı" adlı hərbi əməliyyata start verib. Əməliyyat hələ də davam edir.
"Zeytun Budağı" əməliyyatının başlanmasından az sonra Suriyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Türkiyənin bu hərbi əməliyyatları durdurmasını istəyib.