Türkiyə XİN: Misir və Yunanıstan arasında imzalanan saziş Türkiyə üçün etibarsızdır
Türkiyə dəniz sərhədlərinin demarkasiyası və istisna iqtisadi zonanın yaradılması ilə bağlı Misir və Yunanıstan arasında imzalanan sazişi tanımır.
SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur. Bu gün dəniz sərhədlərinin demarkasiyası haqqında imzalanan qondarma saziş bizim üçün etibarsızdır. Razılaşmada nəzərdə tutulan ərazi, BMT-yə də məlumat verildiyi kimi, Türkiyənin qitə şelfində yerləşir. 2003-cü ildə Cənubi Kipr Rum Rəhbərliyi ilə (Kipr Respublikası) imzaladığı sazişlə 11 500 kv/km ərazidən imtina edən Misir bu gün Yunanıstanla imzalanan bu qondarma razılaşma ilə dəniz yurisdiksiyasını da itirir. Bu razılaşma ilə Liviyanın hüquqlarının da işğal olunmasına çalışılır. Türkiyənin bölgədəki hər hansı bir fəaliyyətə icazə verməyəcəyi və Şərqi Aralıq dənizində ölkəmizin və Kipr türklərinin qanuni hüquq və mənafelərinin qəti şəkildə müdafiəsini davam etdirəcəyi şübhəsizdir”, - deyə Türkiyə XİN-in dünən yaydığı sənəddə bildirilir.