May 19, 2022 11:32 Asia/Baku
  • Ankara şərt irəli sürdü, Vaşinqton hədələdi

Finlandiya və İsveçin NATO-ya müraciəti Türkiyənin təpkisi ilə üzləşir, ABŞ isə onu hədələyib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciəti ilə bağlı danışıqlar üçün şərtini irəli sürüb.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bu barədə deyib ki, Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı danışıqlar prosesi Türkiyənin hər iki ölkədən bütün gözləntilərinin yerinə yetiriləcəyi təqdirdə başlayacaq.

Kalın İsveç, Finlandiya, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə görüşündə qeyd edib ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyiş yalnız Türkiyənin milli təhlükəsizlik problemlərinin həlli üçün konkret addımların atılması ilə mümkün olacaq. 

Eyni zamanda o vurğulayıb ki, əgər ölkələr Türkiyənin şərtlərini yerinə yetirməkdən imtina etsələr, o zaman İsveç və Finlandiyanın müraciətləri üzrə danışıqlarda irəliləyiş mümkün olmayacaq.

Rəsmi Ankaranın sərt mövqe tutmasına cavab olaraq, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Türkiyəni İsveç və Finlandiya ilə bağlı mövqeyinə görə hədələyib.

O bildirib ki, Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüklərini dəstəkləməsə Amerika F-16 qırıcılarını Türkiyəyə tədarük etməkdən imtina edə bilər.

Senator Türkiyənin addımlarını kəskin tənqid edərək, bildirib ki, Ankara Rusiyanın S-400 zenit-raket komplekslərini aldıqdan və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina etdikdən sonra ABŞ-ın müttəfiqi kimi Türkiyənin etibarı ilə bağlı narahatlıqlarını artırır.

Menendez xatırladıb ki, Türkiyə onlarla yeni F-16 qırıcısı almağa çalışır. Onların satışı həm ABŞ prezidenti Co Bayden administrasiyası, həm də Konqresdən icazə tələb edir. Administrasiya Ankaranın F-16-larla bağlı sorğusunu gözdən keçirərkən bunu nəzərə alacaq.

Müşahidəçilər bildirirlər ki, Türkiyə bu hərəkəti ilə Rusiya və Qərblə olan münasibətlərində balansı qoruyub saxlamağa və öz maraqlarını maksimum dərəcədə təmin etməyə çalışır. Əsasən də Finlandiya və İsveçin NATO-ya üzvlüklərinə veto qoyacağını bildirməklə Türkiyənin Avropa İttifaqını üzvlüyü prosesini sürətləndirməyə və ABŞ-ın F-35 təyyarələri proqramına daxil olmaq Ankaranın dilə gətirmədiyi məqsədlər sırasındadır, hələlik isə Finlandiya və İsveçin PKK ünsürlərini təhvil vermələrini müzakirə masası üzərində saxlayır. 

Teqlər