Ömər Çelik rəsmi Ankaranın mövqeyini açıqladı
Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək vermir
Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək vermək niyyətində deyil.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bu haqda deyib ki, cari ilin iyun ayının sonunda Madriddə keçiriləcək NATO sammitində Türkiyə alyansın yeni strateji konsepsiyasına öz yanaşmalarını təqdim edəcək.
Onun sözlərinə görə, Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) açıq qapı siyasətini dəstəkləyir, lakin alyansa daxil olmağı planlaşdıran ölkələr təşkilata üzvlük kriteriyalarına əməl etməlidir.
Bununla bağlı Çelik Türkiyə rəhbərliyinin mövqeyini bir daha bəyan edərək, Ankaranın hər iki Skandinaviya ölkəsinin - onun ifadəsilə desək - terror təşkilatlarına münasibətinə yenidən baxmayana qədər İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməyəcəyini bəyan edib.
Türkiyənin hakim partiyasının sözçüsü həmçinin bildirib ki, Ankara terrorçuluğu dəstəkləyən ölkələrə qarşı veto hüququndan istifadə edə bilər.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da "The Economist" jurnalında yayımlanmış məqaləsində bildirib ki, terror bütün üzv dövlətlər üçün təhlükədir və namizəd ölkələr təşkilata daxil olmamışdan öncə bu faktı qəbul etməlidirlər. Əgər onlar lazımi addımları atmasalar, Türkiyə bu məsələdə mövqeyini dəyişməyəcək.
Qeyd edək ki, Finlandiya və İsveç alyansa qoşulmaq üçün mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-nun baş katibi Yens Stoltenberqə ərizə verib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Türkiyə prezidenti deyib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə "hə" deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş PKK-nın nümayəndələri ilə münasibətləri barədə verdiyi vədlərə inana bilmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkənin İsveç və Finlandiya ilə bu ölkələrin terrorizmə dəstəyini dayandırması üçün konkret addım atacağı ilə bağlı yazılı razılaşmaya ehtiyacı var.