Qərbi Azərbaycan valisi: İran-Türkiyə münasibətləri inkişaf edir
İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadiq Mötəmədiyan Türkiyə Respublikasının Urmiyəki baş konsulu ilə görüşündə İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, vali, ölkələr arasında əlaqələrin inkişafı və genişlənməsi, Qərbi Azərbaycan vilayəti ilə Türkiyənin sərhəd şəhərlərinin bu əlaqələrdəki rolunun çox təsirli və əhəmiyyətli olacağını vurğulayıb. Qərbi Azərbaycan vilayətinin valisi iki ölkənin ticarət həcminin 30 milyard dollara çatdırılması hədəfinə toxunaraq deyib: “İki ölkənin səlahiyyətli orqanlarının bütün səyləri bu məqsədə çatmağa yönəlib, çünki iqtisadi imkanlar və iki ölkənin potensialı bu mühüm iqtisadi məqsədin reallaşmasına yol aça bilər”.
Məhəmməd Sadiq Mötəmədiyan iki ölkə xalqları arasında mədəni, sosial və dini ortaqlıqlara toxunaraq bu ortaqlıqların İran İslam Respublikası ilə Türkiyə arasında sabit və uzunmüddətli əlaqələrə səbəb olduğunu deyib.
Onun sözlərinə görə, ümumi bazarların yaradılması və aktivləşdirilməsi, dəmir yolu və hava nəqliyyatı imkanlarından istifadə və müxtəlif iqtisadi sahələrdə, xüsusən də regional hava yollarında birgə investisiyalar ona məqsədlərinə çatmağa kömək edə bilər.