Avropanın enerji ilə təmin edilməsində Azərbaycanının rolu
-
Avropanın enerji ilə təmin edilməsində Azərbaycanının rolu
Azərbaycanın dünya enerji bazarında güclənən mövqeyi fonunda bu sahədə ölkəmizlə əməkdaşlığın genişlənməsində maraqlı olan ölkələrin də sayında artım müşahidə olunur. Real vəziyyətin təhlili göstərir ki, qarşıdakı dövr ərzində Azərbaycan Türkiyə və Cənub-Şərqi Avropa ölkələrinin qaz bazarında əsas oyunçuya çevrilə biləcək.
Çünki barəsində bəhs edilən ölkələr Azərbaycandan qarşıdakı dövrdə daha çox qaz idxal olunmasında maraqlı tərəf kimi çıxış edir. Artıq Türkiyənin BOTAŞ şirkəti Azərbaycandan təbii qaz idxalını artırmağı nəzərdə tutur. Bu barədə şirkətin hesabatında deyilir ki, BOTAŞ keçən il Azərbaycandan 6 milyard 170 milyon kubmetr qaz idxal edib. Bu ilin sonunda həmin rəqəm 6 milyard 500 milyon kubmetrə yüksələcək.
Ötən il xaricdən ümumilikdə 40,6 milyard kubmetr qaz alan BOTAŞ-ın bu ilin sonunadək idxalının 36,5 milyard kubmetrə düşəcəyi proqnozlaşdırılır. Bu o deməkdir ki, cari ildə keçən ilə nisbətən qaz idxalı 4 milyard 100 milyon kubmetr azalacaq. Qeyd edək ki, BOTAŞ şirkəti Azərbaycan təbii qazını Türkiyəyə və bu ölkədən də Avropaya nəql edəcək TANAP qaz boru kəmərində 30 faizlik iştirak payına sahibdir. TANAP işə düşdükdən sonra isə Türikyənin təbii qaza olan tələbinin yarıya qədəri məhz Azərbaycanın hesabına ödəniləcək. Amma Azərbaycan təkcə Türkiyə yox, həm də Cənub-Şərqi Avropa ölkələrində mövqeyini gücləndirir. Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmira Rzayeva bildirir ki, "Şahdəniz-2" layihəsi Cənub-Şərqi Avropa ölkələrinin qaza olan tələbatının 50%-nin ödənilməsinə imkan verəcək: "Bu layihə İtaliya, Bolqarıstan və Yunanıstanın qaz idxalı bazarının 50%-ə qədərini əhatə edəcək". Onun sözlərinə görə, 2030-cu ildən sonra əlavə 15 milyard kubmetr qaz ixracına da imkan yaranacaq: "2021-2022-ci illərdə "Abşeron" yatağından 5 milyard kubmetr qaz almaq imkanı olacaq. "Azəri-Çıraq-Günəşli" yataqlarının dərinsulu hissəsindən 2027-2028-ci illərdə 4-5 milyard kubmetr qaz əldə etmək imkanı yaranacaq. "Ümid" və "Babək" yataqlarından isə 2026-2027-ci illərdə 5-7 milyard kubmetr qaz almaq mümkün olacaq".
Xatırladaq ki, Azərbaycan qazını Avropaya daşıyacaq TAP kəməri ilə bağlı işlər də intensivləşib. Belə ki, TAP-ın Yunanıstan və Albaniyada ümumilikdə 80 kilometr hissəsi qaynaqlanıb. TAP-ın icraçı direktoru Yan Bredşou bildirib ki, təməlinin qoyulmasından ötən müddətində boru kəməri marşrutu üzrə 110 kilometrdən çox boru düzülüb: "Bu müddətdə 190 kilometrdən çox yol təmizlənib. Hazırda Yunanıstanda 1500-dən çox insan layihə üzrə çalışır". Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlkin mərhələdə boru kəməri ilə ildə 10 milyard kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. Bütün bunlar dünya qaz bazarlarında Azərbaycanın mövqeyini gücləndirəcək, eyni zamanda mavi yanacaq satışından ölkənin daha çox gəlir əldə etməsinə səbəb olacaq. Amma qarşıdakı dövrdə Azərbaycanın, qazla yanaşı, neft satışından da böyük həcmdə vəsait qazanması gözlənir. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov da bu günlərdə bildirib ki, neft qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və ölkəmiz yenə də neft gəlirləri əldə edəcək. Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 milyard dollar olub:"Yaxın 15-20 il ərzində isə Fonda bu sahədən daha 100 milyard dollar daxil olacağını gözləyirik".
Fond rəhbəri deyib ki, Azərbaycanın neft sektoru müxtəlif dövlərdə ümumi daxili məhsulun (ÜDM) istehsal həcmində 40-50% paya malik olub. Onun sözlərinə görə, bu ÜDM-i təmin edən isə ölkə üzrə işçi qüvvəsinin cəmi 1 faizidir. "Bu statistik göstərici də göstərir ki, neft sektoru Azərbaycan dövlətinin gəlirlərini təmin etmk üçün mühüm olsa da, işsizliyin aradan qaldırılmasında az əhəmiyyət kəsb edir. Odur ki, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Amma neft istehsal edən ölkələrdə buna nail olmaq elə də asan deyil. İlk növbədə fiskal qayda müəyyən edilməlidir ki, neft gəlirlərinin necə xərclənməsi müəyyən edilsin. Hazırda hökumət daxilində bununla bağlı araşdırma gedir ki, makroiqtisadi sabitliyi təmin edə bilək".
İqtisadçı Fikrət Yusifov isə, əslində, qeyri-neft sektorunun da dinamik yüksəliş dövrünü yaşadığını bildirir. Onun sözlərinə görə, yaxın 1-2 il içərisində gözlənilən müsbət irəliləyişlər baş verərsə, neftdən asılılıq da kifayət qədər optimallaşa biləcək: "Neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi səbəbindən ölkəyə valyuta gəlirləri və daxilolmaların bir neçə dəfə azalması maliyyə bazarındakı vəziyyəti gərginləşdirib. Yeganə yol qeyri-neft sektoru və ixracın həcmini artırmaq hesabına ölkəyə valyuta axınını gücləndirməkdir. Qarşıda bu fonda islahatlar davam edəcək və bu yöndə daha sərt qərarlar gözlənir. Atılan bütün addımlar məhz buna istiqamətlənib. Bu baş verərsə, yaxın 1-2 il içərisində gözlənilən müsbət irəliləyişlər imkan verəcək ki, neftdən asılılıq da kifayət qədər optimallaşsın. Belə olan halda milli valyuta və iqtisadiyyatın durumunda da bir sabitlik əmələ gələcək".