Salehi: Nüvə anlaşması əldə olunasıdır
İyun 28, 2015 16:40 Asia/Baku
İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri deyib: Əgər qarşı tərəf Lozanna anlaşmasına sadiq qalarsa və tamahkarlıq etməzsə nüvə anlaşması əldə olunasıdır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumata görə, İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bazar günü Tehranda keçirilən Məhkəmə Hakimiyyəti Həftəsi ilə bağlı tədbirin kənarında jurnalistlərə müsahibədə yaxşı anlaşma meyarlarına toxunaraq əlavə edib: Qarşı tərəf özü üçün ideal bir anlaşmanı nəzərdə tutub və İranın nüvə müzakirə komandası da ideal bir anlaşma nəzərdə tutub.İki tərəfdən heç birinin o ideal anlaşmaya çata bilməyəcəklərini bildirən Salehi xatırladıb: İki tərəf yolun ortasında bir-birləri ilə anlaşmaya çatmalıdırlar.
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İran İslam Respublikasının fikrincə, anlaşma elə bir formada olmalıdır ki, nüvə fəaliyyətlərinin prosesi yerində qalsın, fəaliyyətlərdən heç biri dayanmamalı və ya ləngiməməlidir.
Salehi eyni zamanda İranın nüvə fəaliyytələrinin genişlənməli olduğunu bildirərək əlavə edib: Qarşı tərəfin nigaranlıqları vardır və beynəlxalq rəylərdən istifadə etməklə bu nigaranlıqları aradan qaldırmaq olar.
İranın Atom Enerjisi Təşkilatının sədri qarşı tərəfin nahaq yerə bir sıra nigaranlıqları irəli sürdüyünü bəyan edərək deyib: Dəfələrlə elan olunub ki, İranın nüvə məsələsi texnikidir və beynəlxalq qaydalar və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən istifadə etməklə bu nigaranlıqları aradan qaldırmaq olar.
Salehi həmçinin deyib: İran İslam Respublikası özü üçün sərhədlər təyin edib, qırmızı xətləri vardır və onlardan keçmir.